Nümayiş saytı » İnformasiya » DOLUYA QARŞI MÜBARİZƏ
Xəbər haqqında informasiya
 (səslər: 1)
18-08-2011, 01:11

DOLUYA QARŞI MÜBARİZƏ

Bölmə: İnformasiya

AZƏRBAYCAN RESPUBLİKASINDA

DOLUYA QARŞI MÜBARİZƏ İŞLƏRİNİN

TARİXİ HAQQINDA

 

QISA ARAYIŞ

 

Azərbaycan öz fiziki-coğrafi və iqlim xüsusiyyətlərinə görə keçmiş Sovet İttifaqının ən dolutəhlükəli reqionlardan biri olmuşdur. Doludan zərər çəkən kənd təsərrüfatı bitgilərinin qiymətli və strateji əhəmiyyətli olduğu nəzərə alınaraq, 1967-ci ildə Azərbaycan Respublikasının Dağlıq-Qarabağ Muxtar Vilayətinin şimşək-dolu proseslərinin xüsusilə intensiv olduğu ərazilərində doluya qarşı mübarizə işlərinin təşkili və  ilk təcrübə-istehsalat işlərinin aparılması haqqında qərar qəbul olunmuşdur. Bu işlər keçmiş SSRİ Başhidrometxidmətin Yüksəkdağ Qeofizika İnstitunun (YQİ) fəal iştirakı ilə Azərbaycan Hidrometxidmət İdarəsinin bazasında yaradılmış Doluya Qarşı Ərazi Ekspedisiyası tərəfindən aparılmışdır.

Birinci işlərin müvəffəqiyyəti nəzərə alınaraq, Azərbaycanda doluya qarşı mübarizə işləri sonrakı illərdə güclü inkişaf tapmış, növbəti 1968-ci ildə Şamaxı Dəsdəsi, 1972-ci ildə Kirovabad (indiki Göygöl), 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli (Ermənistan tərəfindən işğal olunmuş ərazidə qalmışdır), 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Mardakert (indiki Ağdərə, Ermənistan tərəfindən işğal olunmuş ərazidə qalmışdır), 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan (Ermənistan tərəfindən işğal olunmuş ərazidə qalmışdır), 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyan (məlum hadisələr vaxtı ermənilər tərəfindən dağıdılmışdır) Dəsdələri yaradılmışdır.

1987-ci ildə Azərbaycan Hidrometeorologiya İdarəsinin   Hidrometeoroloji Proseslərə Fəal Təsir üzrə Hərbiləşdirilmiş Xidmətinin tərkibində 13  Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəsdə fəaliyyət göstərirdi.

Xidmət hüquqi şəxs olmuş, bütün strukturları ilə birlikdə 1976-cı ildə hərbiləşdirilmişdir.

Qorunmuş ərazilərin və dəsdələrin bazalarının yerləşməsinin Xəritə-sxemi Əlavə 1-də göstərilmişdir.

Doluya qarşı mübarizə işləri Azərbaycan Hidrometeorologiya və Ətraf Mühitə Nəzarət İdarəsinin Hərbiləşdirilmiş Xidməti ilə Kənd Təsərrüfatı Nazirliyi (müxtəlif vaxtlarda Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif təşkilatları, son illərdə isə Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi) arasında bağlanmış illik müqavilə əsasında aparılmışdır.

Doluya qarşı mübarizə işlərinin aparılması hər il  aperl ayının 15-indən  oktyabr ayının 15-inə qədər davam etmişdir. Bu işlər Rusiya Federativ Respublikasının Kabardin–Balkar Respublikasının  Nalçik şəhərində yerləşən Yüksəkdağ Qeofizika İnstitunun (YQİ) Doluya Qarşı   Mühafizə üzrə Elmi-İstehsalat Mərkəzinin (DQM EİM) metodiki rəhbərliyi və SSRİ Dövləthidrometkomun Fəal Təsir İdarəsinin (FTİ) operativ nəzarəti ilə aparılmışdır.

Sov.IKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən “Azərbaycanda  üzümçülüyün inkişaf etdirilməsi haqqında” Qərar qəbul edildikdən sonar doluya qarşı mübarizə işləri keçən əsrin 80-ci illərində xüsusilə inkişaf tapdı. Kənd təsərrüfatı torpaqlarının struturunun əsasını  üzümlüklər təşkil edən rayonlarda doluya qarşı mübarizə işlərinin aparılmasına başlanıldı.

Respublikada üzüm istehsalı ildə 2 milyon ton səviyyəsinə çatmışdı ki, bu işdə kənd təsərrüfatı işçiləri ilə birlikdə hərbiləşmiş xidmətin şəxsi heyətinin də böyük əməyi olmuşdur.

Üzümün satış qiymətinin yüksək olması doluya qarşı mübarizə işlərininiqtisadi səmərəliliyinə də öz təsirini göstərirdi və bu ildə 15-20 milyon sovet rublu tərtibində olurdu. Bu da doluya qarşı mübarizə işlərinə qoyulmuş hər1sovet rublunun 5-7 sovet rubl gəlir gətirməsi demək idi. (bax Əlavə 3).

 

Dağlıq-Qarabağ ətrafında məlum hadisələrin (1989-1990-cı illər) baş verməsi və SSRİ-nin dağılması nəticəsində doluya qarşı mübarizə işləri Azərbaycanda müvəqqəti olaraq dayandırılmışdır.

 

 

TEXNİKİ TƏMİNAT

 

Yuxarıda deyildiyi kimi kənd təsərrüfatı bitkilərinin dolu vurmadan mühafizə işləri YQİ DQM EİM tərəfindən işlənib hazırlanmış, dünyanın müxtəlif ölkələrində istifadə olunan ən qabaqcıl texnikalardan, texnologiyalardan və  metodikadan istifadə etməklə aparılmışdır.

Bulud daxilində dolunun indikasiyası (yerinin və ölçülərinin təyin edilməsi), buludun müxtəlif istiqamətlərdə şaquli (vertical) və müxtəlif hündürlüklərdə üfqi (horizontal) kəsiklərinin alınması üçün  sovet istehsalı olan və o dövrdə dünyanın ən qabaqcıl texnikası hesab edilən  “MRL-5” tipli meteoroloji radiolokatordan istifadə edilmişdir. Reagentin  fəal təsir sahəsinə çatdırılması üçün KS-19 zenit-artilleriya qurğularından və “Elbrus-4” mərmilərindən, 80-ci illərin əvvəlindən başlayaraq həm də  doluya qarşı mübarizə işləri üçün xüsusi hazırlanmış raket komplekslərindən: müxtəlif modifikasiyalı TKB raketatan qurğularından və “Oblako”, “Alazan”, “Kristal” raketlərindən istifadə olunmuşdur. Bu da doluya qarşı mubarizə texnologiyasının tələblərini daha operativ surətdə, böyük ölçülü və çoxsaylı fəal təsir sahələrini isə eyni vaxtda və çox qısa müddətdə işləməyə imkan verirdi.

Azərbaycan HMİ-nin Hərbiləşdirilmiş Xidməti çox yaxşı maddi-texniki bazaya malik olmuşdur.

Bütün Hərbiləşdirilmiş Dəstələr  şəxsi heyətin normal işləməsi və yaşayışı üçün əsaslı Bazaya və Atəş Məntəqələrinə malik idilər.

Hərbiləşdirilmiş Xidmətdə 14 komplekt  MRL-5 radarları, 400-dən çox raket-artilleriya kompleksləri var idi.

Keçən əsrin 80-ci illərində doluya qarşı mübarizə işlərinin aparılmasına hər il 5 milyona yaxın sovet rublu məbləğində vəsait ayrılırdı.

İşçilərin sayı 1 min nəfərə yaxın idi. 

10 minə yaxın mərmidən, 3 minə yaxın raketdən istifadə olunurdu.

Atəş Məntəqələrinin şəxsi heyəti ilə onların attestasiyası və ixtisasartırması üzrə hər il nəzəri və praktik dərslər keçirilirdi.

Fəal təsir və radiolokasiya üzrə mütəxəssislərlə  Hərbiləşdirilmiş Xidmətdə və Nalçik şəhərindəki  YQİ DQM EİM-də hər il  xüsusi kurslar keçirilir, onlara fəal təsir və radilokasiya üzrə sərbəst işləməyə icazə verən xüsusi vəsiqələr verilirdi.

 

 

FƏAL TƏSİR İŞLƏRİNİN ƏSAS NƏTİCƏLƏRİ

 

Azərbaycanda bütün illər üzrə fəal təsir işlərinin əsas nəticələri Əlavə 2, 3, 4, 5 və 6-da göstərilmişdir. Bu əlavələrdən göründüyü kimi:

-Doludan qorunan ərazinin maksimal sahəsi 1380 min  hektar olmuş, onun da 826,2 min hektarında kənd təsərrüfatı bitkiləri becərilmişdir (bax Əlavə 2). Bu göstəriciyə görə Azərbaycan SSRİ üzrə ən böyük Hərbiləşdirilmiş Xidmət olmuşdur.

-Fəal təsir edilmiş dolu və dolutəhlükəli özəklərin sayı (bax Əlavə6) ildə 59-dan (1980-ci ildə), 561-ə (1988-ci ildə). qədər olmuşdur.

-İldə cəmi 1324-dən (1990-cı il), 11709-yə (1982-ci il) qədər raket və mərmi (bax Əlavə 6) sərf olunmuşdur.

-Bir özəyin işlənməsi üçün sərf olunan mərmi və raketin sayı (bax Əlavə 4) 16-dən (1969-cu ildə), 35-ə (1977-ci ildə) qədər olmuşdur.

-Fəal təsir günlərinin sayı 19-dan (1990-cı ildə) 90 (1977-ci ildə) olmuşdur.

-Fəal təsir işlərinin səmərəliliyi (effektivliyi) iki göstərici (fiziki və iqtisadi) üzrə hesablanırdı. Əlavə 3-dən göründüyü kimi fiziki səmərəlilik 73%-dən (1969-cu il) 100%-ə qədər olmuşdur. Bu da onu göstərirdi ki, ən pis halda qorunan ərazidə doludan dəyən zərər coxillik məlumatlarla müqayisədə 4 – 5 dəfə azalırdı. Daha  vacibi fəal təsir işlərinin iqtisadi səmərəliliyi idi. Qorunan ərazidə konkret qorunma ilindəki kənd təısərrüfatı bitkilərinin sahəsinin coxillik məlumatlara əsasən doludan zərər çəkmiş orta illik əkin sahəsinə nisbəti əsasında hesablanan  iqtisadi səmərəlilik (şərti xalis gəlir) 10–20, minimal 7,7 (1990-cı il), maksimal 24,2 milyon sovet rublu (1981 və 1987-ci il) olmuşdur. 1 hektarın qorunmasının dəyəri (bax Əlavə 4) 2–3, minimal 2,1 (1977-ci il), maksimal 4,3 sovet rublu (1990-cı il) olmuşdur.

Azərbaycanda doluya qarşı mubarizə işləri üzrə 20 illik təcrübə nəzərə alınarsa,  bu işlərin iqtisadi səmərəliliyini və social tələbatını etiraf etməklə bərabər, kənd təsərrüfatı müəssisələrinə (kolxoz və sovxozlara) birbaşa gəlir gətirməklə yanaşı, bütün xalq təsərrüfatına (dövlət, ictimai və şəxsi təsərrüfatlara və tikililərə, nəqliyyata və s.) böyük miqdarda gəlir gətirdiyi, kənd əhalisinin təhlükəsizliyinə səbəb olduğu  da etiraf edilməlidir.

İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə, istərsə də SSRİ Nazirlər Sovetinin I müavini işlədiyi  dövrdə ümummilli lider Heydər Əlirza oğlu Əliyev tərəfindən Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi ilə əlaqədar olaraq, doluya qarşı mübarizə işlərinin aparılmasına və inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir.

Müstəqil Azərbaycan Respublikasının prezidenti olduğu dövrdə də ümummilli lider Heydər Əlirza oğlu Əliyevin doluya qarşı mübarizə işçilərinə diqqət və qayğısı yüksək dərəcədə olmuş, onun 23 may 2001-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyətə başlayan Milli Hidrometeorologiya Departamentində Hərbiləşdirilmiş Dəstələrin bazaları əsasında Radiometeoroloji Stansiyalar yaradılmışdır.

Hal-hazırda Ağstafa və Şamaxı Radiometeoroloji Stansiyaları tərəfindən avtomat idarəetmə sistemi rejimində hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələrin (şimşək, leysan, dolu və qasırğanın) müşahidələri aparılır.

Dünyada baş verən qlobal iqlim dəyişmələri Azərbaycanda da son illərdə şimşək, leysan, dolu, qasırğa və s. təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanmasını, davamiyyətini artırmaqdadır. Bu baxımdan kənd təsərrüfatı bitkilərinə, bina və tikililərə, sosial obyektlərə, məişətə, ümumiyyətlə ölkə iqtisadiyyatına dəyən ziyanları azaltmaq üçün təhlükəli hidrometeoroloji prseslərə fəal təsir işlərinin bərpası zəruridir. Bunun üçün  müasir tələblərə cavab verən texnika və texnologiyalar, fəal təsir metodları və vasitələri mövcuddur.

Bu gün 1(bir) Radiometeoroloji Stansiyada hidrometeoroloji proseslərə fəal təsir işlərini bərpa etmək və stansiyanın 1 illik fəaliyyətini təmin etmək üçün üçün  1,5-2,0 milyon AZN tələb olunur.

Azərbaycanda doluya qarşı mubarizə işlərinin təşkilində və müvəffəqiyyətlə aparılmasında Hərbiləşdirilmiş Xidmətin rəhbərliyinin və aparıcı mütəxəssislərinin xidmətləri  xüsusilə qeyd edilməlidir.

 

 

 

 

 

DOLUYA QARŞI MÜBARİZƏ


 

 

 

 

 

 

 

 

Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da