Xəbər haqqında informasiya
24-08-2011, 18:27

Dolu və leysan yağışları Qusar rayonunda yaşayış evlərinə ciddi ziyan vurub

Bölmə: İnformasiya

Dolu və leysan yağışları Qusar rayonunda fəsadlar törədib, yaşayış evlərinə ciddi ziyan dəyib. Güclü yağış zamanı kanalizasiya xətlərinin tutulması nəticəsində sel suları evlərə dolub. Şəhərin Hacı Zeynalabdin Tağıyev və Mirzə Vəliyev küçələrində 40-dan artıq ev yararsız vəziyyətə düşüb. Yerli sakinlərin APA-nın şimal bürosuna verdiyi məlumata görə, güclü yağış evlərdə olan məişət avadanlıqlarını sıradan çıxarıb.

 

[ 16 İyun 2011  ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:26

Güclü leysan və dolu Qubanın bir sıra kəndlərində ciddi fəsadlar törədib

Bölmə: İnformasiya

Güclü leysan və dolu Quba rayonunun bir sıra kəndlərində ciddi fəsadlar törədib. Yerli sakinlərin APA-nın şimal bürosuna verdiyi məlumata görə Qubanın Çiçi kəndinə yağan dolu nəticəsində sululuğu artan Şabran çayı məcrasından çıxaraq 4 körpünü yararsız hala salıb, bir neçə təsərrüfat sahəsini tamamilə yuyub. Güclü leysan yağışları dağ kəndlərinə gedən yollarda da ciddi problemlər yaradıb. Bu səbəbdən də kənd sakinləri mənzil başına çatmaq üçün xeyli yolu piyada getmək məcburiyyətində qalıblar. Kənd bələdiyyəsinin sədri Arif Ömərov APA-nın yerli müxbirinə bildirib ki, gələcəkdə daha ciddi fəsadları önləmək üçün rayon rəhbərliyi qarşısında məsələ qaldırılıb.
Dağ kəndlərində isə hələ də qeyri-sabit hava şəraiti hökm sürür. Quba Regional Hidrometeorologiya Müəssisəsinin direktor müavini Aliyə Ələkbərova bu cür hava şəraitinin ayın 15-dək davam edəcəyini bildirib.


[ 14 İyun 2011 ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:25

Tovuz rayonuna yağan dolu tikililərə və təsərrüfatlara ziyan vurub

Bölmə: İnformasiya

Bu gün Azərbaycanın Tovuz rayonuna dolu yağıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nəticədə, Tovuz rayonunun Ağbaşlar, Lazılar, Almalıtala, Həsənli, Güvəndik və Papaqçılar kəndlərində bir sıra tikililərə və fərdi təsərrüfatlara ziyan dəyib.

 

                                                                                                           [ 08 İyun 2011 ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:23

Güclü dolu və leysan yağışları Göygöl və Daşkəsən rayonlarına ziyan vurub

Bölmə: İnformasiya

Güclü dolu və leysan yağışları Göygöl və Daşkəsən rayonlarına ziyan vurub

Dünən günün ikinci yarısında qərb bölgəsinə yağan güclü leysan və dolu Göygöl və Daşkəsən rayonlarında ciddi ziyan vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yağan dolu nəticəsində Göygöl rayonunda bəzi evlərin dam örtüklərinə, avtomobillərə və küçə işıqlandırmaları lampalarına xeyli ziyan dəyib. Göygöl rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Turani Əliyevin APA-ya verdiyi məlumata görə, axşam saat 18:00 radələrindən yağmağa başlayan dolu yarım saat ərzində davam edib. Dolu nəticəsində meyvə ağacları və əkin sahələri də ciddi ziyan görüb. Turani Əliyevin sözlərinə görə, rayon FHK əməkdaşları axşam saatlarından başlayaraq rayon ərazisində ziyanın aradan qaldırılması istiqamətində işlərə başlayıb və hal-hazırda küçə işıqlandırmasının bərpa edilməsi işləri aparılır.
Dolu və leysan yağışları Daşkəsən rayonunda da fəsadlar törədib. Daşkəsən rayonunda da, bəzi evlərin dam örtüklərinə, meyvə ağaclarına, əkin sahələrinə ciddi ziyan dəyib. Güclü leysan yağışları nəticəsində Daşkəsən-Gəncə yolunun 15-ci kilometrliyində yolun sol və sağ hissələri Qoşqarçayın və Danayeri su anbarında suyun səviyyəsinin qalxması nəticəsində yuyulub. Yolun bağlanması 1 saat müddətində avtomobillərin hərəkətini məhdudlaşdırıb.

                                                           


[ 08 İyun 2011 ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:19

Zaqatala rayonuna yağan dolu və leysan yağışları bir sıra problemlər yaradıb

Bölmə: İnformasiya

Zaqatala rayonuna yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Son günlər yağışların ən çox düşdüyü Zaqatala rayonunun İcra Hakimiyyətindən verilən məlumata görə, ötən gün axşam saat 18.00 radələrində rayon mərkəzinə, rayonun Yuxarı Tala, Aşağı Tala Göyəm və Böyük Qafqaz dağlarının cənub ətəyinə Zaqataladan keçən hissəsinə qısa müddətli leysan yağışları yağıb, Zaqatala şəhərinə və dağlıq ərazilərə dolu düşüb. Nəticədə Tala çayında suyun səviyyəsi qalxıb, adı çəkilən ərazilərdən axan xırda çaylarda qısa müddətli daşqın olub. Dağ yamaclarına yağan leysan yağışlarının Zaqatala şəhəri ərazisinə axması nəticəsində Sələddin Kazımov, Azərbaycan və Heydər Əliyev prospektlərinin müəyyən hissələrində yol örtüyü dağılıb. Azərbaycan prospekti və Sələddin Kazımov küçəsində bir-sıra evlərin zirzəmilərinə yağış suları dolub.

 

 

 

                                                              [ 07 İyun 2011 ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:14

Güclü yağış və dolu Gədəbəy rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub

Bölmə: İnformasiya

Güclü yağış və dolu Gədəbəy rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub

Gədəbəy rayonuna yağan yağış və dolu kən təsərrüfatına ciddi ziyan vurub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yarım saat ərzində yağan güclü yağış və dolu nəticəsində rayonun Saratovka kəndində kartof sahələrinə, meyvə bağlarına və kənd arası yollara ciddi ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə, təxminən yarım saat davam edən dolunun həcmi 40-50 qram olub. Dolu evlərə ziyan vurmasa da kartof sahələrinə və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub. Yağan güclü yağış kənd təsərrüfatı ilə yanaşı Saratovka kəndinin yollarına da ciddi ziyan vurub. Belə ki, yağan güclü yağış nəticəsində baş vermiş sel Saratovka kəndi ilə Tovuz rayonunun Quşçu kəndini birləşdirən yolda kiçik dağ çayı üzərində yerləşən körpünü də dağıdıb. Sel həmçinin Saratovka körpüsündə aparılan yenidən qurma işləri çərçivəsində Şınıx inzibati ərazisinə gedən yol alternativ olaraq salınmış yeni yolu da bərbad hala salıb. Saratovka kənd icra nümayəndəsi Tomiyev Cəlalın APA-nın Qərb bürosuna verdiyi məlumata görə, yağan güclü dolu nəticəsindən kənd təsərrüfatına ciddi ziyan dəyib “Mayın 5-də saat 15:00 radələrində güclü yağış ardınca isə dolu yağmağa başladı. Dolu düşmə nəticəsində təxminən 200 hektara yaxın kartof sahələrinə ciddi ziyan dəyib. Yağan güclü yağış nəticəsində həmçinin kənd arası yollara da ciddi ziyan dəyib”.

                                                                                                                           [ 06 İyun 2011 ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:10

Ağdam rayonunun Qarqar çayı boyunca yerləşən ərazilərinə güclü dolu düşüb

Bölmə: İnformasiya

Ağdamın Əfətli kəndinin sahələrinə güclü dolu düşüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, xüsusilə Qarqar çayı boyunca yerləşən ərazilərə təxminən 15-20 dəqiqə düşən dolu həmin istiqamətdə əkin altında olan sahələrə xeyli zərər vurub.

Kənd sakinləri bildiriblər ki, qısa müddət ərzində yağan xırda buz qırıntıları artıq biçinə hazırlanan zəmiləri ciddi təhlükə qarşısında qoyub.

Dolu düşən zaman əkin sahəsində işləyən 15 nəfər dolu vurması nəticəsində Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara təcili tibbi yardım göstərilib. Xəstəxanaya müraciət edənlər arasında bir nəfərdə infarkt, ikisində isə kəskin sancılanma müəyyən olunub. Ağdam MRX-dan verilən məlumata görə, xəstəxanaya gətirilənlər əsasən həyəcan və təlaşlanmadan əziyyət çəkiblər.

 

 


                                                                                                                                                                                            [ 30 May 2011 ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:07

Güclü yağış və dolu Zərdaba ciddi ziyan vurub

Bölmə: İnformasiya

Zərdab. Zahid Abışov – APA. Zərdab rayonuna yağan güclü yağış ciddi fəsadlar törədib. Zərdab rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, mayın 25-də axşam rayon ərazisində güclü külək əsib, dolu və leysan yağıb. Nəticədə vətəndaşlara və kənd təsərrüfatına ciddi ziyan dəyib. 3000-dən çox fərdi həyət, ictimai obyektlər və şəhərin küçələri su altında qalıb, vətəndaşlara məxsus çoxsaylı yaşayış evləri qəzalı vəziyyətə düşüb. 4177 hektar taxıl, 4267 hektar yonca, 50 hektar pambıq, 27 hektar bostan-tərəvəz sahəsini su basıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, operativ müşavirə keçirilib, tədbirlər planı hazırlanıb və hazırda həmin tədbirlər planı icra olunur.

 

 




                                                                                                                                                                                       [ 26 May 2011  ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:04

Güclü dolu və leysan Şamaxının 8 kəndində evlərə, əkin sahələrinə ziyan vurub, mal-qaranı sel aparıb

Bölmə: İnformasiya

Rayon İcra Hakimiyyətindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, dünən axşam saatlarında rayonun Göylər, Dağ Bağırlı, Quşçu, Mirikənd, Çaylı, Carhan, Adnalı və Məlikçobanlı kəndlərinə diametri 3-4 sm olan dolu düşüb. Təxminən 15 dəqiqə ərzində davam edən doludan sonra bu gün səhər saatlarınadək güclü leysan yağıb.

Quşçu kənd icra nümayəndəsi Bəşir Bəhramov APA-ya bildirib ki, 10-a yaxın evin dam örtüyünə, meyvə bağlarına, əkin sahələrinə ciddi ziyan dəyib, 4 ailənin 18 baş xırda buynuzlu mal-qarasını sel aparıb.

Göylər kənd icra nümayəndəsi İxtiyar Xəlilov isə dolu və leysanın özünün təsərrüfatı da daxil olmaqla, kənddə 60 fərdi həyətyanı sahəyə və 20 evə ciddi ziyan vurduğunu bildirib. Sel iki nəfərin 3 baş inəyini aparıb, dolu meyvə-tərəvəz məhsullarını tələf edib, taxıl sahələrini yararsız hala salıb.

Dağ Bağırlı kənd icra nümayəndəsi Bəylər Kərimov bildirib ki, dolu və külək 30-a yaxın evin və kənd məktəbinin dam örtüyünü, pəncərələrini sındırıb, həyətyanı sahələri sel basıb.

 

                                                                                                                                     [ 24 May 2011 ] apa.az

Xəbər haqqında informasiya
24-08-2011, 18:01

Şamaxıya güclü dolu yağıb, diametri 6-7 santimetr olan dolu dənələri evlərə və avtomobillərə ciddi ziyan vurub

Bölmə: İnformasiya

Şamaxı rayon icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov APA-nın Şirvan bürosuna bildirib ki, mayın 14-də gecə saat 00:45 radələrində Şamaxı şəhərinə və 14 kəndə diametri təxminən 6-7 santimetr olan dolu yağıb.Dolu dənələri 8-10 dəqiqə ərzində bütün sosial obyektlərin və yaşayış evlərinin dam örtüyünü, pəncərələrini sındırıb, əkin sahələrini, meyvə bağlarını məhv edib, avtomobilləri deşik-deşik edib. Rayonun təsərrüfatına küllü miqdarda ziyan dəyib. Hadisə gecə baş verdiyi üçün ölən və xəsarət alan barədə hələlik məlumat yoxdur. Faktla bağlı rayon fövqəladə hallar komissiyası araşdırma aparır. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə rəsmi məlumat verilib.

 

                                                                                                                                                                                       [ 14 May 2011  ] apa.az

Geri İrəli

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da